Türkiyənin Kocaeli vilayətində satdığı avtomobilin pulunu ala bilmədiyini iddia edərək ata və oğulu güllələyib öldürən şəxs 27 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin səhhətindəki ciddi problemlərə görə onun həbs olunmamasına qərar verilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə ötən il iyulun 3-də Karamürsel rayonunun 4 Temmuz məhəlləsində, Dövlət Xəstəxanasının yaxınlığında baş verib.
İzzet Kalyoncu satdığı avtomobilin pulunu ala bilmədiyini əsas gətirərək onu aldatmaqda günahlandırdığı Mehmet Canımoğlu və oğlu Aykut Canımoğlunu tapança ilə güllələyərək öldürüb.
Hadisədən sonra həbs edilən Kalyoncu barəsində iki dəfə ömürlük həbs cəzası tələbi ilə cinayət işi açılıb. Lakin məhkəmə prosesi zamanı səhhətində yaranan problemlərə görə o, həbsdən azad edilib.
Məhkəmədə son sözünü deyən İzzet Kalyoncu qətl törətmək niyyətinin olmadığını iddia edib:
“Mən onları öldürmək məqsədilə hərəkət etməmişəm. Avtomobilimi onlara vermişdim, amma pulunu ala bilmədim. Nəinki ölmələrini, hətta həbsə düşmələrini belə istəmirdim. Ata və oğul üstümə gəldilər. Aykutun gəzdirməyə icazəsi olan silahı var idi. Məcbur qalıb öz silahımla atəş açdım. Bunu qorxudan etdim. Əgər onları öldürmək istəsəydim, 10 ay əvvəl öldürərdim. Bəraət istəyirəm”.

Kalyoncu xərçəng xəstəsi olduğunu da qeyd edib:
“Mən xərçənglə mübarizə aparıram. İnsan öldürmək yaxşı iş deyil. Onlarla heç bir düşmənçiliyim yoxdur. Artıq onlardan heç nə istəmirəm. Bəraət istəyirəm”.
Məhkəmə heyəti müşavirədən sonra hökmünü elan edib.
İzzet Kalyoncuya qarşı təhrik və məhkəmədə nümunəvi davranış kimi yüngülləşdirici hallar nəzərə alınaraq 27 il 6 ay həbs və 25 min Türkiyə lirəsi məbləğində məhkəmə cəriməsi təyin edilib.
Məhkəmə onun sağlamlıq vəziyyətini də qiymətləndirib. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, xərçəng xəstəsi olan Kalyoncunun səhhətindəki problemlər səbəbindən həbsxanada saxlanılması məqsədəuyğun hesab edilməyib.
Nəticədə məhkəmə heyəti səs çoxluğu ilə onun həbs edilməməsinə qərar verib.