Gəncədə anasını döyüb öldürən Ramin Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 12-də baş tutacaq.
Qeyd edək ki, Gəncə şəhər sakini, 41 yaşlı Ramin Rüstəmov iyulun 24-də sərxoş vəziyyətdə olarkən anası, 64 yaşlı Svetlana Rüstəmovaya taxta parçası ilə çoxlu zərbə vuraraq döyüb. S.Rüstəmova aldığı xəsarətlərlə qızının evinə aparılıb. Avqustun 7-də orada vəfat edib.
Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.