“Rusiya hökumətinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Azərbaycan neftinin Rusiya Federasiyası ərazisindən nəql olunmasına dair 18 yanvar 1996-cı il tarixli sazişin ləğvi barədə qərarı, KİV-də qeyd olunduğu kimi, siyasi motivli bir qərar deyil, sırf iqtisadi xarakter daşıyır”.
Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumatda bildirilir.
ARDNŞ-ın açıqlamasına görə, 14 fevral 1996-cı ildə qüvvəyə minmiş həmin sazişdə qeyd olunur ki, tərəflərdən hər hansı biri sənədin hüquqi hökmünün dayandırılması haqqında təşəbbüs göstərməzsə, sənəd avtomatik olaraq daha bir il müddətinə uzadılır: «Bu müddəaya əsasən, Rusiya tərəfinin çıxardığı qərar sazişin şərtlərinə tam uyğundur. Təqvim ili başa çatmazdan altı ay qabaq Sazişin qüvvədə qalma müddətinin dayandırılması haqda xəbərdarlıq edildiyi təqdirdə, həmin müddət növbəti ilin 1 yanvar tarixindən etibarən dayandırılır».
ARDNŞ bu məsələnin gözlənilməz olmadığını bildirib: «Hər iki tərəf müxtəlif vaxtlarda həllini tapmamış bir sıra məsələləri qaldırıb: Rusiya Federasiyası ərazisindən nəql olunarkən və Novorossiysk limanında saxlanılarkən Azərbaycan neftinin keyfiyyətinin dəyişməməsi, neftin keyfiyyət bankı, daşıma həcmlərinin artırılması, tarif və onun dəyişdirilməsi mexanizmləri».
Qeyd edilir ki, Rusiya hökumətinin çıxardığı qərar Azərbaycan neftinin dünya bazarlarına daşınması məsələsinə hər hansı mənfi təsir göstərməyəcək: «Azərbaycan qısa müddətdə etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaratmağa və diversifikasiya etməyə nail olub».
ARDNŞ Bakı-Novorossiysk neft kəmərinin yerinə yetirdiyi tarixi missiyanı yüksək qiymətləndirib: “Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair dövlətlərarası sazişin qüvvəsinin dayandırılması bu kəmərlə Azərbaycan neftinin nəql olunmasının ümumiyyətlə dayandırılması demək deyil. ARDNŞ bu kəmərin Rusiya Federasiyası ərazisində idarəçiliyini həyata keçirən “Transneft” şirkəti ilə kommersiya danışıqlarının davam etdirilməsinə tərəfdardır”.
Qeyd edək ki, Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib. Qərar Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən mayın 5-də imzalanıb və mayın 14-də KİV-də dərc olunub.
ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan neftinin Rusiya ərazisi ilə indiki şərtlərlə tranzit nəqli 2013-cü ilin sonunadək davam edəcək. Paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq. Tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən etibarən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli kommersiya şərtləri əsasında davam etdiriləcək.