"Qalatasaray"ın PSJ-dən icarəyə götürdüyü argentinalı hücumçu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara Argentina mətbuatına İkardi ilə bağlı açıqlamalar verib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İkardinin "Qalatasaray"a transferində ən mühüm rolu olduğunu vurğulayan Vanda Nara deyib: "Transfer proseslərində bəzən vasitəçilər olur, ancaq Mauronun Türkiyəyə transferində yeganə təmsilçi mən idim. Yalnız mən. Onlar. mənim haqqımda istədiklərini deyə bilərlər, amma Avropadakı hesablarım aydındır, işimdə həmişə əlimdən gələni edirəm”.
“PSJ ilə “Qalatasaray” arasında çox fərq yoxdur”
Nara "Qalatasaray"a keçən İkardinin pis vəziyyətdə olması ilə razılaşmır: "Mövsümün əvvəlində yeni komandaya və macəraya yelkən açmaq istəyirdi.
Mauronun prioriteti bu komandada olmaqdır. futbol oynamağı bacarır və hazırda gedəcəyi komanda ilə tərk etdiyi komanda arasında elə də böyük fərq olduğunu düşünmürəm”.
"Daha nə edə bilərəm”
Vanda Nara bildirib ki, İkardinin karyerası üçün hər şeyi edib: “Mauro əvvəlki kimi əla hücumçu ola bilər, amma hər şey ondan asılıdır. Mən onun üçün sənədləşmə işləri aparıram və o, meydanda bununla məşğul olmalıdır".
Yaxşı başlamadı
Mövsümün əvvəlində transfer olduğu "Qalatasaray"da oynamaq üçün çox şans tapa bilməyən Mauro İkardi 2 rəsmi oyunda qol vura bilməyib.