Bakıda itkin düşmüş yeniyetmə qızla bağlı bəzi maraqlı məqamlar məlum olub. Lent.az-ın məlumatına görə, itkin düşmüş 12 yaşlı Leyla Məmmədovanın atası Müşfiq Məmmədov hafta.az-a açıqlamasında qızının noyabrın 23-ü “Autorally” yarışlarına qatılmaq üçün ondan icazə alıb evdən çıxdığını bildirib: “Məndən yol pulu üçün 1 manat pul aldı. Yarışlar evimizin yaxınlığında keçirilirdi deyə, tək getməyinə etiraz etmədim”.
Müşfiq Məmmədovun sözlərinə görə, qızı Leyla həmin gün onunla mobil telefon vasitəsilə də əlaqə saxlayıb: “Ona görə polisə gec müraciət etdim ki, mənə gizli nömrədən zəng etmişdi, deyirdi ki, gələcəm, gələcəm... Axır vaxtlar ona çoxlu zənglər gəlirdi, buna görə də hirsimdən telefonunu alıb sındırmışdım. Bilmirəm ona zəng edənlər kimlər idi, çoxlu dostları var idi. Artıq telefona mən cavab verməyə başlamışdım, buna görə də özlərini yalandan başqa adam kimi təqdim edirdilər”.
12 yaşlı qızın evdənqaçma ehtimalı da az deyil. Çünki Leylanın atası ilə söhbətdə qızın evdə zorakılığa da məruz qaldığı məlum oldu: “Anası ilə ayrılmışıq, gətirdi qızı atdı üstümüzə getdi. Yasamalda yaşayırdı, amma indi o, da axtarışdadır. 2 gündür ki, o, da itib. Dayısı Leylanı döyürdü, mən onu heç vaxt döyməmişəm. Anasının adı Kristina Məmmədovadır. Leylanın yerini bilən bir adam var. Bu, qonşuluqda yaşayan 16 yaşlı bir qız dostudur, təəssüf ki, o, da indi itib. Buna görə də danışa bilmir, yəqin ki, bir yerdədirlər”.
4 gün əvvəl itkin düşən Leyla Məmmədova 253 nömrəli məktəbin şagirdidir. Maraqlıdır ki, Müşfiq Məmmədov həmin məktəbə çox nadir hallarda getdiyini bildirib: “Belə də... Arada, 1-2 dəfə getmişəm həmin məktəbə”.