Bu gün səhər saatlarında Azərbaycanın İranla sərhəd Yardımlı rayonunda zəlzələ olub.
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Azərbaycanın Yardımlı rayonuna təsadüf edib. Episentrdə gücü 2.7 bal olan zəlzələ dekabrın 3-də Bakı vaxtı ilə saat 09:12-də (Tehran vaxtı ilə 08:42-də) yerin 10 km dərinliyində meydana gəlib.
Yeraltı təkan Yardımlıdan (Azərbaycan) 10 km, Lerikdən (Azərbaycan) 13 km və Germidən (İran) 27 km uzaqlıqda baş verib.
Zəlzələ İranın Ərdəbil vilayətində də hiss edilib.
Bundan əlavə, dekabrın 3-də səhər saatlarında İranın Şərqi Azərbaycan vilayətində də zəlzələ baş verib. Episentri Vərziqan şəhəri olan yeraltı təkanın maqnitudası 1.9 olub. Zəlzələ Bakı vaxtı ilə səhər saat 06:57-də yerin 8 km dərinliyində baş verib.
Qeyd edək ki, dekabrın 2-də də İranın Şərqi Azərbaycan vilayətinin Vərziqan (1.3) və Xacə (2.0) şəhərlərində zəlzələ baş verib