ATV telekanlının “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı bu dəfə Bakıya uzun illər ailəsinin axtardığı şəxsi gətirə bilməyib. O, cənazə ilə geri dönüb.
Bununla bağlı Lent.az-a açıqlama verən X. Hidayətqızı bildirib ki, Sankt-Peterburqdan gətirdiyi cənazə verilişinin qəhramanlarından birinin ailə üzvüdür.
Aparıcı buna görə çox kədərli olduğunu da deyib: “Çox kədərliyəm. Çox istəyirdim ki, mən o körpəyə atasını sağ-salamat qaytarım. Amma bu nəsib olmadı. Təəssüf edirəm. O qədər kədərliyəm. İnanın, çox ağlamışam. İndi tabutu ailəsinə aparıram. Onun övladının sarsıntı keçirməməyi üçün uşağı artıq öz evimizə aparmışam. Hələlik o ailədə oğlunun öldüyünü yalnız atası bilir”.
Qeyd edək ki, lent.az -ın apardığı araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl “Səni axtarıram” verilişində bir azyaşlı atasını axtarıb. Məlumata görə, gətirilən cənazə də onun atasınındır.
Başqa bir məlumata görə isə X. Hidayətqızı Suriyada döyüşəyə getmiş və orda dünyasını dəyişmiş azərbaycanlılardan birinin də cənazəsini gətirmək üçün artıq danışıqlar aparıb və müsbət cavab alıb. Lakin aparıcı bu barədə məlumat verməyib.
Xatırladaq ki, “Səni axtarıram” verilişinin “facebook” sosial şəbəkəsindəki səhifəsində Bakıya gətirilən cənazənin fotosu yayılıb və bu barədə qısa məlumat verilib.