Sabiq deputat, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın həyatına təhlükə var. Bu barədə “Yeni Müsavat”a açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov məlumat verdi. Onun sözlərinə görə, dünən müvəkkili ilə görüşmək üçün Bakı İstintaq Təcridxanasında olub və G.Əhmədovanın əhvalının, eləcə də səhhətinin pis olduğunu görüb: “Müvəkkilim Gülər Əhmədovaya qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ciddi mesaj göndərilib. Həmin mesajda bildirilir ki, ”bu həbsxanaya gəlsən, səni öldürəcəyik, özünü ölmüş bil". Gülər xanım da bu xəbərdən çox sarsılmışdı. Onsuz da ürək ağrıları var idi, bu mesajdan sonra ürəyindəki ağrılar daha da artıb. Əsəbləri də gərginləşmişdi".
Vəkili bildirib ki, müvəkkili bu mesajı özünün iqtidarı dəstəkləməsi ilə əlaqələndirib: “Gülər xanım iqtidara qulluq edən adam olub. İndi də onu dəstəkləyir. Şəxsi fikrim belədir ki, həmin qadınların çox hissəsi iqtidarı istəməyənlərdir”.
Ə.Talıbov bu mesajın G.Əhmədovaya kimlər vasitəsilə çatdırılması barədə məlumatsız olduğunu deyib. O, sabiq deputatın hüquq-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini də bilmədiyini qeyd edib.