Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 947-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, qanunların və prezidentinin aktlarının “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim edilməlidir.
Dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib:
“4. Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
Bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.