Güney Azərbaycanda tanınmış musiqiçi, 72 yaşlı məhbus Həsən Dəmirçini bacısının yas mərasiminə buraxmayıblar.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, Azərbaycan milli musiqisinin İranda təbliğ və tədris edən, Azərbaycan türklərinin milli haqlarının təmin edilməsi uğrunda mübarizə aparan Həsən Dəmirçi (Həsənağa Azərbaycan) 4 aydan çoxdur həbsdədir.
Təbrizin mərkəzi zindanında saxlanan Həsən Dəmirçinin ailə üzvləri ilə görüşməsi əngəllənir. Bu günlərdə vəfat edən dəfn mərasimində iştirakına icazə verilməyib.
Mənbə musiqiçinin ağır şəraitdə saxlandığını, bir neçə xəstəlikdən əziyyət çəkdiyini bildirib. Azərbaycanlı bəstəkarın çeşidli fiziki və mənəvi işgəncəyə məruz qaldığı bildirilib.
Xatırladaq ki, ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Həsən Dəmirçini 2013-cü il noyabrda yaşadığı evdə tutublar.
Azərbaycan milli kimliyinin və milli musiqisinin təbliği uğrunda apardığı dinc fəaliyyətə görə Həsən Dəmirçi indiyədək bir neçə dəfə tutulub. 2013-cü ilin iyulunda onun məhkəməsi keçirilmişdi. Təbriz məhkəməsi Həsən Dəmirçini Güney Azərbaycanda baş vermiş son zəlzələdə ziyan çəkən ailələrə maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda təqsirli bilərək 6 ay müddətinə həbsə məhkum etmişdi.