Suriyaya döyüşməyə gedən azərbaycanlılarla bağlı FƏTVA verib
28 yanvar 2014 11:30 (UTC +04:00)

Suriyaya döyüşməyə gedən azərbaycanlılarla bağlı FƏTVA verib

Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Qazılar Şurası son vaxtlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən, ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq fətva verib.

 

APA-nın məlumatına görə, fətva bu gün QMİ-də sədr Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə keçirilən tədbirdə elan olunub.

 

Fətvada bildirilir: “İslam dinində şəhidlik - iman, haqq-ədalət, Vətən uğrunda mübarizənin yüksək zirvəsidir. Vətən, torpaq uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Bizim hər birimizin boynunda 20 Yanvar, Qarabağ şəhidlərimizin haqqı var, odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur. Şükürlər olsun ki, dövlətimiz və xalqımız şəhidlərimizin xatirəsini daima uca tutur, onların ruhlarını böyük ehtiramla yad edir.

 

Şəhidlik fəlsəfəsinə görə, müqəddəs hədisi-şərifdə buyurulduğu kimi, Vətəninə, dininə, torpağına, ailəsinə edilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxs şəhiddir. İslam dinində cihad və şəhadətin əsas şərti təcavüz edənlərə qarşı özünümüdafiədir. Lakin təəssüflə qeyd etməliyik ki, son dövrlər cihad və şəhadət kimi İslamda müqəddəs məqamlara dair təhrifli düşüncələrin məqsədli şəkildə cəmiyyətimizə sirayət etdirilməsinə cəhdlər müşahidə olunur. Bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdir.

 

Əqidə, iman Vətən təəssübü ilə tamamlanmırsa, kamil deyildir, belə ki, Peyğəmbərimiz Mühəmməd Salavatullahın buyurduğu kimi, «Vətəni sevmək (qorumaq) imandandır».

 

Azərbaycan xalqının Qarabağ kimi böyük dərdi var, torpaqlarının 20 faizi erməni ekstremistləri tərəfindən işğala məruz qalıb, Xocalı qətliamının acısını bu günədək çəkməkdəyik. Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adıyla dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir. İslam dininə görə niyyət vacibdir. Peyğəmbərimiz Mühəmməd (S) buyurur ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyil.

 

QMİ Qazılar Şurası bəyan edir ki, bu şəxslərin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin, dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yoluyla cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar.

 

Qafqaz Müsəlmanlarının dini mərkəzi olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizm, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsimizi ucaltmışıq. Biz xalqımızın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrı-seçkiliyinə şərait yaradan, bölgəmizdə xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək, dövlətimizin «Dini etiqad azadlığı haqqında» qanununa zidd hərəkətlərə yol verən şəxslərin həm müqəddəs dinimizə, həm də xalqımızın, dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq. Qazılar Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətlərindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir.

 

Qazılar Şurası qərara alır ki, din xadimlərimiz öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini, bu fətvada əksini tapan məqamları dindarlara, xüsusən, gənc nəslə çatdırsınlar. Ümidvarıq ki, xalqımız, dindarlarımız İslamın şəhidlik, cihad fəlsəfəsinin mahiyyətinə daha dərindən vararaq, onun dəyər və məziyyətlərinin hikməti işığında sıx birləşəcək, torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda böyük əzm nümayiş etdirəcəkdir, inşallah!”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1241
avatar

Oxşar yazılar