Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar APA-nın əməkdaşına qarşı təxribat edib.
Lent.az-ın məlumatına görə, “Muaz Azəri” adlı facebook istifadəçisi internetdə dostlarına çağırış edərək, APA-nın əməkdaşı Hafiz Heydərovun “Abdul Vahid” adı ilə “Facebook”da qeydiyyatdan keçdiyini yazıb. Vəhhabi təriqətinin təmsilçisi olduğu anlaşılan bu şəxs iddia edir ki, guya H.Heydərov bu addan istifadə edərək onlardan xəbər əldə etməyə çalışır. “Muaz Azəri” dindarları bu jurnalistdən ehtiyat etməyə çağırıb.
Hafiz Heydərov isə Lent.az-a bildirib ki, “Facebook”da başqa adla qeydiyyatdan keçməyib və “Abdul Vahid” adlı profil ona məxsus deyil: “Mən Suriyada öldürülən azərbaycanlılarla bağlı yazdığım bəzi xəbərlərdə dəqiqləşdirmə aparmaq üçün bu ölkədə döyüşən və onlara dəstək verən bir neçə azərbaycanlı ilə “Facebook”da yazışmışam. Mənə qarşı bu təxribatı yayan adamla da bu barədə yazışmamız olub. Lakin mən onların hamısı ilə öz profilimlə danışmışam və bunu özləri də yaxşı bilir. Sadəcə olaraq APA-da mənim imzamla Suriyada azərbaycanlıların öldürülməsi ilə bağlı yazılan xəbərlər “Muaz Azəri” adlı “Facebook” istifadəçisində və Suriyada döyüşlərə qatılan azərbaycanlılara dəstək nümayiş etdirən digər dindarlarda qıcıq doğurub. Bu da onunla bağlıdır ki, APA məsələni gündəmə gətirəndən sonra bu təhlükənin qarşısını almaq üçün Azərbaycanın dövlət qurumları daha fəal hərəkətə keçib. Ona görə də həmin şəxslər indi bizi hədəfə alıblar”.