Fevralın 6-da Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Quliyev Eşqin Firəddin oğlu hərbçilərin, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə anadan olduğu Füzuli rayonunda dəfn edilib. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
Tədbirdə çıxış edənlər Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhidin əmisi və qardaşı bildiriblər ki, şəhidlik ən yüksək zirvədir və igid oğlumuz bu zirvəyə yüksəlib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin ailəsinə təqdim edilib.
Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub.
Tabut üzərinə sərilmiş üçrəngli dövlət bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.
Şəhidin əzizləri ağır itki olmasına baxmayaraq, övladlarının şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd edərək, vida mərasimini yüksək səviyyədə təşkil etdiklərinə görə ölkə başçısına, Müdafiə Nazirliyinin və rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildiriblər.