Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən tədbirdə bəzi çıxışçılar tərəfindən İslamda “cinsi cihad”ın elan olunması və “nurçuluq”la bağlı narahatlıq bildirilib və şikayət olunub.
APA-nın məlumatına görə, çıxış edən Hacı Şahin Həsənli bəzi məzhəblərin Suriyada cihad və şəhadətə çağırışlarından narahat olduğunu ifadə edərək bildirib ki, artıq onlar tərəfindən yeni bir çağırış – guya İslamda buyurulan “cinsi cihad” da elan olunub: “Bəzi insanları hətta cinsi istismara məruz qoyurlar. Bunun da adını “cinsi cihad” qoyurlar, halbuki bunun dinə heç bir aidiyyəti yoxdur. Bu məsələdə məscid imamları və axundları da məsuliyyət daşıyırlar”.
Nardaran dindarları adından çıxış edən Hacı Hacıağa Nuri isə deyib ki, son vaxtlar daha da fəallaşan “nurçular” onları narahat edir: “Az qala bizi idarə etməyə, dövlət orqanlarına təsir etməyə qədər fəallaşıblar. İslamda istədikləri yenilikləri təbliğ edib gənclərimizi əlimizdən alırlar. Qardaş Türkiyədə artıq dövlət strukturlarında onların nümayəndələri ortaya çıxır. Biz çox narahatıq ki, həm bu “nurçular”, həm də Suriyada bir-birini qıran məzhəblər sabah Azərbaycanı seçsin. Allah bunu göstərməsin! Amma biz bu barədə hər gün siqnallar alırıq”.