Bakı Apellyasiya Məhkəməsində valyutadəyişmə məntəqəsinə silahlı basqın etməkdə, qətldə və digər cinayətdə təqsirləndirilən Arzuman Bəşirovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, A. Bəşirov “Binə” ticarət mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinə silahlı basqın edərək oranın işçisi Əli Əliyevi öldürüb və məntəqəyə məxsus 16 min manatı götürüb hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat nəticəsində cinayəti törətmiş Lökbatan qəsəbəsində kirayədə yaşayan Arzuman Bəşirov tutulub. O, ilkin dindirmə zamanı törətdiyi qətli tam etiraf edib və cinayətin aləti olan tapançanı tanışı Zakir İbayevə verdiyini bildirib.
Xırdalan şəhərində yaşayan sonuncunun evinə baxış keçirilərkən Arzuman Bəşirovun cinayətdə istifadə etdiyi “Steçkin” markalı, darağında 17 patronu olan tapança aşkarlanıb götürülüb.
Bakı Ağır Cinayətlə Məhkəməsinin hökmü ilə A. Bəşirov 15 il müddətinə azadlıqdan məhrum edilib.