“Əminliklə qeyd edə bilərəm ki, bu gün BP, “Statoil” və digər xarici neft şirkətləri Xəzər dənizində neft dağılmaları və digər fövqəladə hallarla mübarizə ilə bağlı öz müvafiq strukturlarını ləğv edə və bu işi Azərbaycan Fövqəladə Hallar Nazirliyinə, nazirliyin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinə həvalə edə bilərlər”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
E. Mirzəyev bildirib ki, FHN özünün bazası, texnikası, canlı qüvvəsi, helikopterləri və təyyarələri bu işi həyata keçirməyə qadirdir: “Bu gün Xəzər dənizində hər hansı neft dağılmaları, yanğın və qəzaların aradan qaldırılması ilə bağlı tədbirləri FHN həyata keçirir. Xəzər hövzəsindən tranzit neft daşınması və digər hallarda neft dağılmaları hallarının aradan qaldırılması tədbirləri Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin üzərinə düşür. Neft dağılmalarının aradan qaldırılmasına bu qurum birbaşa cavabdehdir. Qabaqcıl dövlətlərin təcrübələrindən istifadə edərək gələcəkdə də öz fəaliyyətimizi davam etdirəcəyik. “Statoil” şirkəti dənizdə neft dağılmalarına qarşı mübarizə sahəsində böyük təcrübəyə malik şirkətdir. Biz çalışacağıq ki, gələcəkdə fəaliyyətimizi “Statoil” şirkətinin bizə təklif etdiyi sənədlər əsasında, işgüzar şəkildə quraq”.