Şirvanda narkotik alverçiləri həbs edilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Rəsul İbayev məlumat verib. Müstəntiqin bildirdiyinə görə, fevralın 10-da Şirvan şəhər polis şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü şəhər sakini Hacıbabayev Rövşən Hacıağa oğlunun üzərindən iki ədəd bükülmüş ümumi çəkisi 2,957 qram çəkidə narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni 1964-cü il təvəllüdlü Şirvan şəhər sakini İmanov Lətif İzzət oğlundan aldığını bildirib. Lətif İmanovun yaşadığı mənzilə baxış keçirilən zaman 14,299 qram çəkidə narkotik vasitə olan heroin, 2,554 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Həmçinin mənzildən narkotik vasitəni çəkib satmaq üçün qızıl tərəzisi və bükmək üçün hazırlanmış selofanlar aşkar edilərək götürülüb. Lətif İmanov saxlanılan zaman üzərindən 0,233 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Qeyd edək ki, Lətif İmanov əvvəllər Dövlət Yol Polisinin inspektoru vəzifəsində çalışıb. Narkotik aludəçisi olduğu üçün daxili işlər orqanlarından kənarlaşdırılıb.
Hər iki şəxs barəsində həbs qəti imkan tədbiri seçilib və barələrində istintaq aparılır.