Lənkəranda güclü yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Liman şəhər sakini, 1959-cü il təvəllüdlü Əliyar Rəzzaq oğlu Rəhimova məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə cəlb olunan 3 yanğınsöndürən maşın və canlı qüvvənin səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 90 kv. metr olan birmərtəbəli 3 otaqlı ev içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.