Kuba səfiri Senon Medina Kintero Bakı Ali Neft Məktəbində olub. Bu barədə Lent. az-a Ali Məktəbin şöbə müdiri Kəmalə Paşayeva bildirib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Kuba ilə Azərbaycan arasında hər zaman isti münasibətlər olub və bu gün də isti və dost münasibətlər yüksək səviyyədə davam etməkdədir. Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən E. Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaranmasında əsas məqsəd günü-gündən inkişaf edən Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması olub.
Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, beynəlxalq təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də dünya dövlətlərinin aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır.
Səfir vurğulayıb ki, bu gün Kuba dövləti yalnız öz daxili enerji tələbatını ödəyə biləcək səviyyədə neft-qaz hasil edir, lakin mütəxəssislərin bildirdiyinə görə Kuba ərazisində böyük neft yataqları var və gələcəkdə bu yataqların istismarı zamanı Sizin mütəxəssislərin təcrübələri bizim üçün böyük əhəmiyyət kəsb edə bilər. O bildirib ki, bilik və təcrübələrin paylaşılması baxımdan Azərbaycanla Kuba arasında professor – müəllim, mütəxəssis və tələbə mübadiləsi Kuba dövləti üçün gərəkli məsələdir.
Verilən təklifləri yüksək qiymətləndirən E. Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.