Nazirlər Kabineti “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarına dəyişiklik edib.
APA-nın məlumatına görə, qərar kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlıdır.
Dəyişikliyə əsasən baş nazirin müavini təyin edilmiş sabiq kənd təsərrüfatı naziri İsmət Abbasov Respublika Komissiyasının sədrliyindən çıxarılıb. İsmət Abbasovu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev əvəzləyəcək.