Yevlax rayon sakini, əlil Nizami Yusif oğlu Kərimovun özünü yandırmasına rayonun icra başçısı münasibət bildirib. Lent.az-ın məlumatına görə, xeberdar.az saytı Yevlax rayon icra başçısı Qoca Səmədovla əlaqə saxlayıb. İcra başçısının sözlərinə görə, Nizami Kərimov 2013-cü il oktyabrın 1-nə kimi sosial yardım alıb. “Aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən şəxsin nəinki sosial vəziyyəti yaxşıdı, hətta maşını da var. Elə bu səbəbdən də Nizami Kərimova verilən sosial yardım dayandırılıb”.
Ailə üzvlərinin iddiasına görə, N.Kərimovun özünü yandırmasına səbəb Sosial Müdafiə Mərkəzinin əməkdaşlarının yardımı mənimsəməyə çalışması olub. İcra başçısı isə deyilənləri təkzib edərək fərziyyə adlandırıb: “Səhər saatlarında özüm də şəxsən xəstəxanaya getmişdim. Müstəntiq Nizami Kərimovdan özünə qəsdin səbəbini soruşsa da, o heç bir açıqlama vermək istəmədi. Bundan başqa, onun həm psixoloji problemləri var, həm də spirtli içki qəbul edir. Elə bu kimi səbəbləri nəzərə alaraq məsələni nəzarətdə saxlayırıq və lazımi araşdırmalar aparılır”.