Gəncə şəhər sakininin evindən 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 32 yaşlı şəhər sakini Səbuhi Əliyev şübhəli şəxs kimi saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış zamanı 10,13 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı S.Əliyev polisə bildirib ki, 2013-cü ilin payız aylarında Gəncə yaxınlığındakı “Azos” adlanan ərazidən çətənə kolları toplayaraq istifadəsi və satış məqsədilə qurudub. Saxlanılan şəxsin evinə baxış zamanı 5 kiloqram 125 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.