Dünən axşam Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
APA TV-nin xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi, eləcə də, təcili tibbi yardım briqadaları cəlb edilib.
Yanğın nəticəsində yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mebel evinin asma tavanı 60 kv.m sahədə, 1-ci mərtəbənin girişində 14 ədəd elektrik sayğacı və binanın 1-ci mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb.
Yanğınsöndürənlər ikisi azyaşlı olmaqla 6 bina sakinini təxliyə ediblər. Yanğın söndürülüb, mebel evinin, elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.