Fövqəladə Hallar Nazirliyi bu gün Gəncədə iki uşağı ilə birlikdə intihar etmək istəyən şəxslə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər kişi 2 azyaşlı uşağı ilə beşmərtəbəli binanın damına çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü və uşaqlarını yaşayış binasının damında yandırmaq istəyir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıb.
İntihara cəhd edən şəxslər aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatı saat 10:42-də başa çatıb.