Cari ilin ötən dövründə Daxili İşlər Nazirliyin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları respublika ərazisində bir neçə reyd keçirib. DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məqsəd qanunsuz ov edilməsinin aşkarlanması, “Ovçuluq haqqında” qanunun, habelə, nazirliyin müvafiq göstərişinin tələblərinə əməl olunması, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması olub.
Tədbirlər zamanı mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinin pozulması faktları üzrə protokollar tərtib edilib, müvafiq qaydada tədbir görülməsi məqsədilə qanun pozucuları aidiyyəti üzrə ərazi polis orqanlarına təhvil verilib, İnzibati Xətalar Məcəlləsinə əsasən onlara xəbərdarlıq edilib və ya cərimələniblər.
Keçirilən reydlər nəticəsində qanunsuz ov edən şəxslərdən ümumilikdə 10 ədəd ov tüfəngi, 52 ədəd ov quşu, o cümlədən “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmış 20 ədəd nadir bəzgək quşu, 116 ədəd nərə cinsli balıq götürülüb. Brakonyerlər barəsində 8650 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.
Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.