Daxili İşlər Nazirliyi Qadın Krizis Mərkəzi qeyri- hökümət təşkilatının rəhbəri Mətanət Əzizova bir sıra kütləvi informasiya vasitələrinə azyaşlı azərbaycanlı qızların Gürcüstanın turizm məkanlarında seks ticarətinin qurbanları arasında statistik rəqəmlərə görə birinci yerdə olması ilə bağlı bildirdiklərinə rəsmi münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, M.Əzizova bir neçə gün öncə qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən həmin otel və kazinolarda aparılmış reydlər zamanı xeyli sayda azyaşlının saxlanılması və bundan narahat olan yüzlərlə yüngül əxlaqlı azərbaycanlı qadınların tez-tələsik Türkiyə ərazisinə keçmələrinə dair müsahibə və açıqlamalar verib: "Bu məlumatlara aydınlıq gətirilməsi məqsədilə Respublikanın Daxili İşlər Nazirliyi qonşu ölkənin müvafiq qurumuna rəsmi sorğu ilə müraciət edib. Noyabrın 19-da Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentindən daxil olmuş rəsmi cavabda bildirilir ki, 2012-ci il yanvar ayının 1-dən bu günədək Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin qanunsuz miqrasiya və insan alverini nəzərdə tutan maddəsi üzrə Azərbaycan vətəndaşlarının iştirakı ilə heç bir cinayət faktı aşkar edilməyib. Daxili İşlər Nazirliyi belə həssas mövzulara müraciət edən bütün kütləvi informasiya vasitələrini və qeyri-hökümət təşkilatlarını diqqətli olmağa, səhihliyi şübhə doğuran yoxlanılmamış, qeyri-obyektiv informasiyaları səsləndirməməyə çağırır".