Azərbaycanda daha bir ana doğuşdan sonra dünyasını dəyişib. Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, ana ölümü Qazax rayonunda qeydə alınıb.
Belə ki, rayonun Bakı küçəsi, 175 ünvanında yaşayan 22 yaşlı Vüsalə Siyavuş qızı Məmmədova yanvarın 31-də vaxtından öncə təbii doğuş keçirib. Ana oğlan uşağı dünyaya gətirib. Uşağın çəkisi 3 kiloqram olub. Körpənin vəziyyəti normal olsa da, ananın halı evə buraxılandan sonra yenidən pisləşib.
Onu yenidən rayon xəstəxanasına aparıblar. Lakin orada Vüsalə Məmmədovanın vəziyyətində irəliləyiş olmadığı üçün qadın Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilib. Təəssüf ki, burada da qadına heç bir yardım etmək mümkün olmayıb.
Ailə üzvlərinin məlumatına görə, qadın doğuşdan sonra daxili qanaxma keçirib. Bakıda da qadına yardım edə bilmədikləri üçün onu Gürcüstana aparıblar.
Vüsalə Məmmədovaya Gürcüstanda tibbi yardım göstərilsə də, qadının səhhətində heç bir irəliləyiş olmayıb. Gürcüstan həkimləri Vüsalənin ailə üzvlərinə bildiriblər ki, qadın həkim səhlənkarlığı üzündən bu hala düşüb. Deyilənlərə görə, qadın vaxtından əvvəl təbii doğuş keçirib. Bu səbəbdən də, Vüsalənin daxili orqanları zədələnib. Həkimlər bundan gec xəbər tutublar. Gürcüstanlı həkimlərin sözlərinə görə, vaxtında müdaxilə olsaydı, bəlkə də, vəziyyət bu qədər pisləşməzdi.
Gürcüstan həkimlərinin səylərinə baxmayaraq, Vüsalə Məmmədova bu gecə dünyasını dəyişib.