Həbsdə olan general Akif Çovdarovun işində zərərçəkmiş, hazırda dələduzluqda təqsirləndirilən iş adamı İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Tural Hüseynov, Tahir İbrahimov, Qüdrət Süleymanova ifadə veriblər. Onlar istintaqa verdiyi ifadələri təsdiqləyiblər.
T.Hüseynov ifadəsində bildirib ki, "Nizami" metro stansiyasının arxasında yerləşən torpaq sahəsi atası Şakir Hüseynova məxsus olub: "Onu "Real" MTK-ya satmamışıq". Q.Süleymanova dindirilən zaman torpaq ərazisini tanımadığı şəxsə 180 min manata satdığını söyləyib.
Məhkəmə noyabrın 14-də davam edəcək.
Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, eləcə də şair Gülağa Tənhanın ( Qəmbərov) 19,5 milyon dollar pulunu mənimsəyib. İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.