Bakı sakinini girov götürməkdə təqsirləndirilən Türkan qəsəbə sakinləri saxlanılıb. APA TV-nin xəbərinə görə, saxlanılan Tehran Təhməzov və İlayət Əliyev Əbülfət Rəhimova qarşı silahla zor tətbiq etməkdə, onu girov götürərək azadlığını məhdudlaşdırmaqda təqsirləndirilirlər. Xəzər rayon Polisi İdarəsində aparılan araşdırma nəticəsində məlum olub ki, Tehran Təhməzov cavan bir oğlanın qəsəbə sakini olan qızın ardınca gəldiyini görüb. Tehran Təhməzov hadisə barədə bunları danışıb: "Dedim alacaqsan bu qızı? Dedi ki, öz istədiyi var, qızı almaq fikri yoxdur. Dedim, almalısan, məhəlləmizin qızıdır".
Bu söhbətdən sonra T.Təhməzov dayısı oğlu İlayət Əliyevlə həmin şəxsə zor tətbiq ediblər: "Əsəbləşdim, onu baqaja saldım".
İlayət Əliyev isə sonradan gəncə yazığının gəldiyini deyib.
Onlar zərərçəkənin mobil telefonunu əlindən aldıqdan sonra onu azad ediblər. Polisə olan müraciətdən sonra Türkan qəsəbə sakinləri həbs olunublar.