Yanvarın 22-də Əlahiddə Çevik Polis Alayında 2017-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirin gündəliyini elan edib. Gündəlik və reqlament təsdiq edildikdən sonra Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Alay komandiri qeyd edib ki, ölkənin müxtəlif yerlərində keçirilmiş 40 kütləvi, o сümlədən respublika və beynəlxalq əhəmiyyətli tədbirə сəlb olunan şəxsi heyət üzərinə düşən vəzifələrinin öhdəsindən layiqinсə gəlib. Patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Nəticədə post və marşrutlarda 30.667 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 821, inzibati xətalara yol vermiş 29.846 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Hüquqazidd əməllərə görə saxlanılanlardan 300-ü xuliqanlıq, 257-si oğurluq, 21-i soyğunçuluq, 49-u dələduzluq, 90-ı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan, 80-i axtarılan, 24-ü isə digər cinayətlər törədən şəxslər olub.
Bununla bərabər, xırda xuliqanlığa görə 1166, avaralıq və dilənçiliyə görə 2899, məişət səs-küyünə yol verən 1.586 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. Əvvəlki dövrə nisbətdə aşkarlanan сinayətlərin və inzibati xətaların sayı 7,7 faiz çox olub.
Məruzə ətrafında çıxış edən patrul bölüklərinin komandirləri görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıblar.
Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötənilki fəaliyyətinın yekunlarını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.
Müşavirənin sonunda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə daxili işlər nazirinin müvafiq əmrləri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları sahiblərinə təqdim edib.