“Bakıda Salyan şossesində 55 yaşlı kişini maşın vurub və həmin şəxs xəstəxanaya aparılıb”. Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
Onun sözlərinə görə, son sutka ərzində paytaxt ərazisində 2 bıçaqlanma hadisəsi ilə bağlı təcili yardıma müraciət olunub: “Bir hadisə Şüvəlanda baş verib. Həmin qəsəbədə 63 yaşlı, Pirşağıda isə 43 yaşlı kişi bıçaqlanıb”.
Z. Vahidova onu da bildirib ki, hər iki bıçaqlanan şəxs Sabunçudakı 3 saylı xəstəxanaya yerləşdirilib.
“Son sutka ərzində dəm qazı ilə bağlı 15 müraciət daxil olub. Dəm qazından zəhərlənmə ilə bağlı 11 nəfər xəstəxanaya yerləşdirilib. Həmçinin 7 nəfər buzda sürüşərək müxtəlif bədən xəsarəti alıb, onlardan da 6 nəfəri xəstəxanaya çatdırılıb”-deyə, böyük həkim əlavə edib.