Turkiyənin İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşı 28 yaşlı Turkanə Ağayeva yanvarın 21-dən itkin düşüb. Lent.az-ın “anspress”ə istinadən məlumatına görə, ailə üzvləri Türkanənin iki ildir ailə qurduğunu bildirib.
O, bir ilə yaxındır həyat yoldaşı və yaş yarımlıq körpəsi ilə İstanbulda yaşayırmış. Bir neçə gün əvvəl isə Ağayeva uşağını qonşuluqdakı dayəyə aparmaq üçün günorta saatlarında evdən çıxıb. Amma körpəni qonşuluqdakı dayəyə verdikdən sonra geri qayıtmayıb. Türkanənin yoxa çıxması xəbərini eşidən atası və qohumları da Naxçıvandan İstanbula gəlib.
İstanbul Polis şöbəsində artıq kamera görüntülərinə da baxılıb. Polis şöbəsində görüntüləri çəkməyə icazə verilməsə də, burdan görmək olur ki, Turkanə iki küçəni keçdikdən sonra yoxa çıxır. Polisdən bildirilib ki, Ağayevanın axtarışları istiqamətində iş aparılır. Türkiyə polisi 28 yaşlı qadının başqa bir şəxsə qoşularaq qaçdığını da ehtimal edir.
Azərbaycanın İstanbuldakı konsulluğu Türkiyədə itkin düşən Azərbaycan vətəndaşının tapılması üçün polislə işlədiyini bildirib.