Daxili İşlər Nazirliyi ölkədə baş vermiş yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 25-də saat 19 radələrində Xəzər rayonunun Zirə qəsəbəsində Bakı şəhər sakini Yəhya Məhərrəmov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülağa Əmirovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Oxşar hadisə Nərimanov rayonunun A.Nemətulla küçəsində də qeydə alınıb. Dekabrın 25-də saat 7:00 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində Kürdəmir rayon sakini Ağadadaş Qasımov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Validə Manaflını vurub. Piyada hadisə yerində ölüb.
Bundan başqa dekabrın 25-də saat 9:00 radələrində Quba rayonunun İqriq kəndində şəhər sakini Şövkət Qubadovun idarə etdiyi “Mercedes-230” markalı avtomobil Digah kənd sakini Zaur Əsədovun idarə etdiyi “Mercedes-412D” markalı mikroavtobusla toqquşub. Ş.Qubadov xəstəxanaya aparılarkən yolda ölüb, 3 sərnişini, habelə Z.Əsədov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Daha bir ölüm hadisəsi Lerik rayonunun Çayrud kəndində qeydə alınıb. Andurma kənd sakini Niyaməddin Nəcəfov idarə etdiyi “Chevrolet” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada vəfat edib.
Hər bir faktla bağlı araşdırma aparılır.