Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamı Şahin Məmmədovun evinə silahlı basqından sonra yerli milis tərəfindən təzyiqə məruz qalan Azərbaycan diasporunun rəhbəri Rasim Uğurluyev özünə və ailəsinə qarşı ölüm təhdidləri alır.
Luqansk Azərbaycanlıları Konqresinin sədri olan R.Uğurluyev APA-ya bildirib ki, Ş.Məmmədov hadisəsindən sonra evinə olunan basqınla bağlı rəsmi orqanlara və mediaya etdiyi müraciətlərdən sonra özü və övladları ilə bağlı öldürüləcəyi, məhv ediləcəyi xəbərdarlıqlarını alıb: “Tanışlarım mənə ismarış göndərir ki, özüm və ailəmin həyatı barədə ehtiyatlı olum. Əvvəlcə o hadisəni törədənlərlə əlaqəli yerli mafiozlar məni hədələyirdilər. Amma dostlarım bildirir ki, həm Şahin Məmmədov hadisəsi, həm də özümlə bağlı baş verən təzyiqlərdən sonra Ukraynanın dövlət orqanlarına, mətbuata etdiyim ardıcıl müraciətlər narahatlıq doğurub, məni aradan götürmək istəyirlər. Məqsəd də odur ki, məni aradan götürüb burada danışa biləcək kimisə saxlamasınlar, Şahin Məmmədovu da itirsinlər”.
R.Uğurluyev artıq bir diaspor rəhbəri kimi fəaliyyət göstərməkdə çətinlik çəkdiyini və hər gün təqib olunduğunu bildirib. Bununla bağlı Ukrayna rəhbərliyinə müraciət edəcəyini deyən R.Uğurluyev qeyd edib ki, artıq Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsini şifahi olaraq məlumatlandırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat və informasiya şöbəsinin şöbə müdiri Elşad Miraləm isə APA-ya bildirib ki, bu barədə heç bir ölçü götürə bilməsələr də, məsələni bu gündən araşdıracaqlar. Ş.Məmmədov hadisəsinin və R. Uğurluyevin evinə basqının baş verdiyi 16 noyabrdan sonra onlarla əlaqə yaradılıb-yaradılmaması ilə bağlı suala isə E.Miraləm cavab verməyib.
Qeyd edək ki, noyabrın 16-da axşam Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, iş adamı Ş.Məmmədovun evinə xeyli sayda maskalı şəxslər tərəfindən basqın olub. Basqın zamanı baş vermiş atışma nəticəsində Ş.Məmmədovun açdığı atəş nəticəsində basqınçılardan biri ölüb. Hadisə günü R.Uğurluyevin də evinə yerli milis xüsusi təyinatlıları tərəfindən basqın olub və icazəsiz evində axtarış aparılıb. Özünü isə həmin gecə milis idarəsində saxlayıblar.