Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi və Azərbaycan Dostları Dərnəyi Pretoriya şəhərindəki “Mamelodi Kikboksinq” klubuna idman ləvazimatı hədiyyə edib. Lent.az-ın CAR mətbuatına istinadən məlumatına görə, yüzlərlə idmançı ailəsi boks əlcəyi və torbası, qoruyucu şlemdən ibarət yardımı almaq üçün salonu doldurub.
Səfir Elxan Poluxov bildirib ki, ötən il CAR-da Heydər Əliyevin xatirəsinə təşkil olunmuş kikboksinq turniri ilə qurulan iki ölkə arasında idman sahəsindəki münasibətlər uğurla davam edir: “Bu gün də Azərbaycan Kikboksinq Federasiyasının bağışladığı idman ləvazimatlarını afrikalılara hədiyyə veririk. Bu cür yardımlarla iki ölkənin qaynayıb-qarışmasını təmin edirik”.
Poluxov gələcəkdə mədəni, sosial və turizm kimi bir çox sahələrdə də bir çox tədbir planlaşdırdıqlarını da əlavə edib.
Qeyd edək ki, ötən il aparıcı kikboksçumuz Eduard Məmmədov başda olmaqla, 10 idmançımız CAR-da Heydər Əliyevin xatirəsinə təşkil olunan turnirə qatılıb.