Martın 25-də Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsində yaşayan sakinlər həmin ərazidə ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı etiraz aksiyası keçirmişdilər. Aksiya nəticəsində ağacların kəsilməsi dayandırılmışdı. Sakinlər isə kəsilən ağacların yerində yeni ağaclar əkəcəklərini bildirmişdilər.
Dünən sakinlər dedikləri sözə uyğun olaraq, iməcilik keçirərək ağacların kəsildiyi ərazidə onlarla yeni ağac əkiblər. Onlar bu iməcilik aksiyasının davamlı olacağını da vurğulayıblar.
Bu gün səhər saatlarında özlərini Departament işçiləri kimi təqdim edən şəxslər dünən iməcilik keçirilərək ağac əkilən əraziyə gəliblər. Bu barədə məlumat verən Yasamal sakini Afət Quliyeva (politoloq Elxan Şahinoğlunun həyat yoldaşı) bildirib ki, həmin şəxslər özləri ilə əraziyə traktorlar da gətiriblər.
Afət Quliyevanın sözlərinə görə, Departament işçiləri ağac kəsilməsi əməliyyatının davam etdiriləcəyini və iməcilik aksiyasına imkan verilməyəcəyini deyiblər.
Politoloq Elxan Şahinoğlunun həyat yoldaşı Afət Quliyeva onu da vurğulayıb ki, sakinlər həmin şəxslərin davranışlarına öz etirazlarını bildiriblər. Nəticədə sakinlərlə özlərini Departament işçiləri kimi təqdim edən həmin şəxslər arasında mübahisə yaranıb. Bu mübahisə ilə bağlı ərazi sakinləri - siyasi analitik Elxan Şahinoğlu, İsgəndər Talıblı və Elşad Abdullayev saxlanılaraq, 22-ci polis bölməsinə aparılıblar.
Afət Quliyevanın sözlərinə görə, əraziyə gələn həmin şəxslər sakinlərlə çox kobud rəftar ediblər: “Səhər tezdən traktor səsinə oyandıq. Gördük ki, ərazidə ağacları aşırmağa başlayıblar. Buna ciddi şəkildə etirazımızı bildirdik. Onlar bizi təhqir etməkdən çəkinmədilər. Saxlanılan İsgəndər Talıblını ən ağır söyüşlərlə təhqir etdilər. Həmin vaxt əraziyə toplaşan qadınları və azyaşlı uşaqları belə, nəzərə almadılar. Onların bu qeyri-etik davranışlarına etirazlarını bildirən həyat yoldaşım Elxan Şahinoğlu, İsgəndər Talıblı və Elşad Abdullayev həbs edilərək, 22-ci polis bölməsinə aparılıb. Hazırda ciddi cəhdlər göstərsək də, onlarla əlaqə saxlamaq hələlik mümkün olmayıb”.
Musavat.com