Daxili İşlər Nazirliyi Ağdaşda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dekabrın 14-də saat 10 radələrində Ağdaş şəhər sakini Ətraf Nəsibov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə hadisənin rayon sakini Tərlan Hacıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən T.Hacıyev Qəbələ rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Hadisəni törədərkən istifadə etdiyi bıçaq maddi sübut kimi onun üzərindən götürülüb. Araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən Ə.Nəsibov Ağdaş Humanitar Kollecinin tələbəsi olub.