"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyətinin həbsdə olan sədri Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıc cəzalandırılıb.
Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə onun fəaliyyəti bir illik dayandırılıb, vəkil Aqil Layıca isə töhmət verilib.
F. Mehdiyev bildirib ki, onlar C. Hacıyevlə bağlı mətbuatda bir sıra məlumatlar yayıblar, müsahibələr veriblər. Bundan sonra baş prokurorun müavini Rüstəm Usubov kollegiyaya şikayət məktubu göndərib. F. Mehdiyev bildirib ki, kollegiya onların intizam xətasına yol vermələri qənaətinə gəlib:"Lakin mən hesab edirəm ki, qərar əsassızdır. Biz müvəkkilimizə hüquqi yardım göstərmişik" .
Qeyd edək ki, C. Hacıyev məhkəmə hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.