Daxili İşlər Nazirliyi son sutka ərzində ölkədə baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 13-də saat 09 radələrində Nərimanov rayonunun Ə. Əliyev küçəsində Bakı şəhər sakini Rəşad İsmayılov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən paytaxt sakini Sarvan Mətiyevi vurub. Xəstəxanaya yerləşdirilən S.Mətiyev orada ölüb.
Nərimanov rayonunun A.Nemətulla küçəsində isə Gəncə şəhər sakini Ramin Qurbanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ramilə Qasımovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Hər iki faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Bərdə rayonunun Kövər kəndində baş vermiş qəzada 2 nəfər həyatını itirib. Belə ki, yanvarın 13-də saat 15 radələrində Bərdə rayonunun Kövər kəndində Yevlax rayon sakini Saleh Şamilovun idarə etdiyi "VAZ-21074" və Ağdam rayon sakini Emin Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə S.Şamilovun sərnişinlərindən oğlu Elvin hadisə yerində ölüb, özü və 2 sərnişini, habelə E.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Rahilə Alıyeva orada ölüb. Yanvarın 13-də saat 10 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində qəsəbə sakini Qadir Sadıxov idarə etdiyi "VAZ-21011" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə onun sərnişini, həmyerlisi Elşad Sadıqov hadisə yerində ölüb. Yanvarın 13-də saat 19 radələrində isə Salyan rayonunun Qarabağlı kəndində rayon sakini Fəxrəddin Əsgərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən kənd sakini Asiya Ağamalıyevanı vurub. Xəstəxanaya yerləşdirilən A.Ağamalıyeva orada ölüb.
***
09:52
Azərbaycanda bir gündə baş verən yol qəzalarında 6 nəfər ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 15 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Ölümlə nəticələnən yol qəzaları Nərimanov, Bərdə, Masallı və Salyan rayonlarında qeydə alınıb.
APA-nın əldə etdiyi məlumata görə, Bakıda Nərimanov rayonunda baş verən yol qəzasını dövlət müəssisələrindən birinə məxsus avtomobil törədib.
“Mercedes” markalı, 90 AA 813 dövlət nömrə nişanlı avtomobil 33 yaşlı qadını vuraraq öldürüb.
Nərimanov rayonunda baş verən digər hadisədə isə “Hyundai” markalı, 10 AS 491 dövlət nömrə nişanlı avtomobil yolu keçən kişini vurub. Piyada yerindəcə ölüb.