Yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq, xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən, xəbər verir ki, Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Hüseynov tərəfindən döyülməsi müəyyən edilib.
M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb. Faktla əlaqədar cinayət işi başlanılıb.
V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisəni törədən şəxs “Kürd Vüqar” adı ilə tanınıb. O xalasının həyat yoldaşı olan M.Şalikovu iki yumruq zərbəsi ilə öldürüb.