Bu gün KİV-də “Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayevin həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. Lent.az-ın məlumatına görə, E.İsayevin iki gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində saxlandığı iddia edilib. “Musavat.com” saytı xəbəri dəqiqləşdirib. Bank sektoru ilə yanaşı, həkimlik fəaliyyəti ilə də məşğul olan və hazırda 5 saylı xəstəxananın qastroskopiya şöbəsinin müdiri olan Elçin İsayevlə əlaqə saxlayan sayt xəbərin yanlış olduğunu üzə çıxarıb. E.İsayev müxbirə bildirib ki, hazırda o, işinin başındadır. E.İsayev barəsində yayılmış məlumatdan xəbərsiz olduğunu bildirib və qeyd edib ki, o, indi Gəncədədir.
E.İsayev Türkiyədə bir müddət əvvəl həbs olunan və ötən həftə azadlığa buraxılan Rza Zərrabla əməkdaşlığı olması barədə də iddiaları təkzib edib.