Bakı Ağır Cinayətlər Məhkəməsində 16 yaşlı oğlunun üzərinə benzin tökərək yandıran Aydın Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra Aydın Mehdiyev ifadə verərək törətdiyi əməldən peşman olduğunu deyib. O, bildirib ki, ailəsi onu evə buraxmadıqları üçün əsəbiləşib və hadisəni törədib.
Proses fevralın 14-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il sentyabrın 10-da saat 01:30 radələrində Buzovna qəsəbə sakini, 1997-ci il təvəllüdlü Nəciməddin Əsgərovun yaşadığı evin qarşısında üstünə benzin tökülərək yandırılması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən N.Əsgərovun atası Aydın Mehdiyev tutularaq istintaqa cəlb edilib.
A.Mehdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sentyabrın 14-də N.Əsgərov xəstəxanada vəfat etdiyindən həmin iş Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilərək istintaqın davam etdirilməsi Xəzər rayon Prokurorluğuna həvalə edilib.