Türkiyənin Hatay vilayətində özündən 45 yaş kiçik qadınla evlənmək istəyən 75 yaşlı kişi dələduzların qurbanı olub. Onun 170 min lirə dəyərində qızıl-zinət əşyaları ələ keçirilib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da Antakya şəhərinin Kuzeytepe məhəlləsində qeydə alınıb.
75 yaşlı Nizamettin Günan evlənmək məqsədilə tanış olduğu 30 yaşlı qadına 170 min Türkiyə lirəsi dəyərində qızıl verdikdən sonra aldadıldığını anlayaraq polisə müraciət edib.

Hatay Polis İdarəsinin əməkdaşları təhlükəsizlik kameralarının görüntülərini araşdıraraq əməliyyata başlayıblar. Keçirilən tədbirlər nəticəsində E.G., C.T., A.Ö. və M.T. adlı dörd şübhəli saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, şübhəlilər arasında yaşlı kişinin qohumu da var. Onlar Nizamettin Günanın evlənmək istədiyini bildikləri üçün əvvəlcədən dələduzluq planı hazırlayıblar.
Kişinin evlənmək istədiyi qadının isə 30 yaşlı E.G. olduğu müəyyənləşib.

Başına gələnləri danışan Nizamettin Günan qadının özünü müxtəlif adlarla təqdim etdiyini bildirib.
"Qadınla görüşdük, söhbət etdik. Pul və qızılları verdim. Zərgərlik mağazasına gedib iki bilərzik aldım. Sonra birlikdə yola çıxdıq. Yolda məndən soruşdu ki, ona paxlava ala bilərəmmi? Mən də razılaşdım. Paxlava almağa gedəndə qadın qaçıb yoxa çıxdı. Əvvəl adının Ceylan olduğunu dedi, sonra isə özünü Leyla kimi təqdim etdi. Hamısı yalan imiş, məni aldatdı", – deyə yaşlı kişi bildirib.

Dələduzların ələ keçirdiyi qızıllar polis tərəfindən tapılaraq sahibinə qaytarılıb.
Nizamettin Günan hadisədə iştirak edən şəxslərin öz kəndlərindən olduğunu və ailələrini tanıdıqlarını söyləyib.