Lerikdə ağaca çırpılan maşında yaralanan və xəstəxanada ölən şəxslə bağlı TƏBİB açıqlama verib.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə Lənkəran rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, iyulun 12-də saat 23:45-də Lerik rayonu, Rəzəvül kəndində meşə yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər şəxs sağ bud sümüyünün yerdəyişən sınığı, döş qəfəsin köndələn sınığı, qabırğaların çoxsaylı sınığı, travmatik şok, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, xəsarət alanlardan birinin vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsində yerləşdirilib, digər yaralı yaxınlarının təkidi ilə Bakı şəhərinə aparılıb.
Qeyd edək ki, aparılan bütün tədbirlərə baxmayaraq reanimasiya şöbəsində müalicəsi davam etdirilən xəstənin ölüm halı qeydə alınıb.
***
01:24
Lerikdə idarəetməni itirən avtomobil ağaca çırpılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Lerik rayonunun Rəzəvül kəndində, "meşə yolu" deyilən ərazidə qəza hadisəsi baş verib.
Nəticədə avtomobildə olan iki nəfər Lerik rayonunun Rəzəvül kənd sakinləri 74 yaşlı Kamal Balamirzə oğlu Kazımov və 73 yaşlı Balabəy Əzim oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan K.Kazımov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstənin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Lent.az-a bildirib ki, hadisə iyulun 12-də saat 21 radələrində rayonun Rəzəvül kəndi ərazisində baş verib.
"Niva" markalı avtomobilin sürücüsü K.Kazımovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.
Araşdırma aparılır.