Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə şəhərində yeniyetmə qızın ana olması ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-a bildirib ki, 16 yaşlı qızın ana olması ilə bağlı məlumat araşdırılıb:
"Təəssüf ki, fakt öz təsdiqini tapdı. Erkən nikah və onun fəsadları barədə kifayət qədər maarifləndirici tədbirlər görülsə də, görünür hələ də bu kimi məsələlərə etinasız yanaşanlar var. Dövlət Komitəsinə daxil olan məlumata görə, yetkinlik yaşına çatmayan qız xəstəxanaya aparılarkən ağır vəziyyətdə olduğuna görə həyatı təhlükə altında olub".
T.Mərdanoğlu bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək.
***
saat 11:25
Göyçayda da yeniyetmə qız uşaq dünyaya gətirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş rayon sakini olan 16 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Polis Şöbəsinə məlumat daxil olub. Məsələ ilə bağlı Ağdaş rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.
***
10:51
Daxili İşlər Nazirliyi Gəncədə 16 yaşlı qızın ana olması faktına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, şəhər sakini S.Abbasova (ad-soyad şərtidir) Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanada uşaq dünyaya gətirib.
Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olanda ailə həyatı qurması məlum olub.
***
10:06
Gəncədə 16 yaşlı qız ana olub.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, şəhər sakini S.Abbasova (ad-soyad şərtidir) Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada uşaq dünyaya gətirib.
Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurması məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.