Bu gecə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin pilotsuz təyyarəsi Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan bölgəsinə raket zərbəsi endirib.
Lentaz-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Miranşah şəhərində Taliban Hərəkatının silahlılarının olduğu yaşayış evinə zərbə endirilməsi nəticəsində 8 nəfər ölüb.
Bu, Pakistanda baş nazir Nəvaz Şərifin rəhbərliyi altında yeni hökumətin formalaşmasından sonra ABŞ pilotsuz təyyarələrinin Pakistan ərazisində ilk reydidir. Nəvaz Şərif baş nazir kimi fəaliyyətə başlayanda ilk çıxışında ABŞ-ı ölkənin şimal-qərbində pilotsuz təyyarələrdən zərbə endirməyi dayandırmağa çağırmış və bunu Pakistanın suverenliyinin, ərazi bütövlüyünün pozulması kimi qiymətləndirmişdi. Ancaq Vaşinqtonun son addımı Nəvaz Şərifin çağırışına əhəmiyyət verilmədiyini ortaya qoyur.