Türkiyədə aksiyalar səngimir.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün müəllimlər, həkimlər, fəhlələr, memar və mühəndisləri birləşdirən həmkarlar təşkilatları (KESK, DİSK, TTB, TMMOB) tətil elan edib.
Bu həmkarlar təşkilatlarının ümumilikdə 850 min üzvü var. Bu dəqiqələrdə bu həmkarlar təşkilatlarının üzvləri ətraf mühiti, yaşamı, əməyi və İstanbulun Taksim meydanındakı Gəzi Parkını qorumaq üçün meydanlara axışır. Bu insanlar qruplar halında İstanbulda Şişhane istiqamətindən Taksim meydanına, Ankarada isə Kızılay meydanına daxil olurlar.
Bu gün aksiyaların təşkilində əsas rol oynayan Taksim Platformasının heyəti də bu gün baş nazirin müavini Bülənd Arıncla görüşüb. Heyətdə İstanbul Təbib Dərnəyinin baş katibi Ali Çerkezoğlu, Memarlar Dərnəyinin başqanı Eyüp Muhcu, TMMOB Şəhər Plançıları Dərnəyinin İstanbul şöbəsinin sədri Tayfun Kahraman, KESK baş katibi İsmail Hakkı Tombul, DİSK başqanının müavini Celal Ovat, TMMOB İstanbul Koordinasiya Qurumunun katibi Süleyman Solmaz yer alıb. Görüşdən sonra Tayfun Kahraman görüşdə hökumət qarşısında qoyduqları tələbləri açıqlayıb. Bu tələblər aşağıdakılardır:
- Gezi parkı park kimi qalmalıdır;
- Topçu Qışlası layihəsinin ləğv edildiyi açıqlanmalıdır:
- Atatürk Kültür Mərkəzinin binasının sökülməyəcəyi açıqlanmalıdır;
- Olaylarla bağlı məsuliyyət daşıyan vəzifəlilər vəzifələrindən uzaqlaşdırılmalıdırlar;
- Qaz bombasından istifadə qadağan olunmalıdır;
- Aksiyalarla bağlı saxlanılanlar dərhal azadlığa buraxılmalı, onlar haqqında cinayət işi açılmamalıdır;
- İfadə azadlığı önündəki maneələr aradan qaldırılmalıdır.