İran hakimiyyəti 11 siyasi məhbusu azad edib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onların 8 qadındır.
Azad edilənlər arasında siyasi məhbus, vəkil Nəsrin xanım Sotude də var. Onun azadlığa çıxmasını həyat yoldaşı da təsdiqləyib.
N.Sotude İranın «təhlükəsizliyinə xələl gətirmək»də ittiham olunaraq, 6 il azadlıqdan məhrum edilmişdi.
Nəsrin Sotude 2012-ci ildə Avroparlamentin təsis etdiyi Saxarov adına düşüncə azadlığı mükafatına layiq görülüb.
İSNA-nın məlumatına görə, azadlığa çıxanlar arasında Məhəmməd Xatəminin prezidentliyi dövründə xarici işlər nazirinin müavini işləmiş Möhsün Əminzadə, Feyzullah Ərəbsuri, Mirtahir Musəvi, Mehdi Mahmudian, Məhəmmədəli Vilayəti, Həsən Zərrinpur, Mehsa Əmirabadi, Məhbubə Kərimi, Məryəm Cəlili, Mitra Rəhimi, Fərəh Vazixan, Jila Mekvendi, Kifayət Mələkməhəmmədinin də adı var.
Xatırladaq ki, bir neçə gündən sonra İslam Respublikasının prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 68-ci sessiyasında iştiirak etmək üçün Nyu-Yorka səfər edəcək.
Müşahidəçilər onun ABŞ-da ölkədəki siyasi məhbuslarla bağlı suallarla qarşılaşacаğını istisna etmir. Odur ki, bir neçə siyasi məhbusu azad etməklə hakimiyyət Həsən Ruhaninin seçkiqabağı kampaniya zamanı «bütün siyasi məhbuslar azad ediləcək» öhdəliyinə əməl etdiyin göstərir. Bu həm də ona Qərbdə etimad qazandırmağa hesablanıb.