Çinin Suçjou şəhərində hündürlüyü 300 metr olan “Şərq qapısı” adlı yeni göydələn inşa edilib.
Lent.az-ın Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, şəhər hakimiyyəti yeni göydələnin tikintisinin Suçjouya aparıcı qlobal mərkəz şöhrətini gətirəcəyinə ümid edib.
Lakin yerli sakinlər hesab edir ki, göydələn bir qədər qəribə görünür və şalvarı xatırladır. 74 mərtəbəli binanın layihəsini Böyük Britaniyanın “RMJM” arxitektura şirkəti hazırlayıb. Layihə müəlliflərinin fikrincə, göydələn Şərqə açılan qapını təcəssüm etdirməlidir. Dəyəri 700 milyon dollar qiymətləndirilən bina Çin sivilizasiyasının qalibiyyətini, müasir dünyada Çinin əhəmiyyətini də simvolizə etməlidir. Arxitektorların böyük zəhmət çəkməsinə, inşaatçıların onların ideyasını heyranedici dəqiqliklə həyata keçirməsinə baxmayaraq, göydələnin ümumi görünüşü bir qədər qəribə alınıb. Əksər çinlilər göyə ucalan binanın kişi şalvarını xatırlatdığını düşünür, tənqidçilər isə göydələni xarici arxitektorların qarışıq ideyalar meydançası adlandırır.