Gürcüstan prezidenti Mixail Saakaşvili ötən gün qalmaqallı bəyanatla çıxış edib.
Lent.az-ın «Azadlıq» radiosuna istinadən məlumatına görə, M. Saakaşvili bildirib ki, 2008-ci ildə Rusiya ilə müharibədən sonra paytaxt Tiflisin cənubdan – Ermənistanda yerləşən Rusiya qoşunlarından da qorunması zərurəti yaranıb. Ona görə də «Qırmızı körpü»dən Ermənistanla sərhəd boyunca tank əleyhinə xüsusi beton mühafizə sədləri yaratmağa başlayıblar:«Əvvəllər bu hərbi sirr idi, amma indi tam məsuliyyətimlə bildirirəm ki, artıq bu barədə Gürcüstanın düşmənləri bilir. Səddin 25 kilometri artıq başa çatmış, işlərin 70 faizi görülmüşdü. Eyni zamanda, paytaxt Tbilisi ətrafında bir neçə xüsusi müdafiə sədləri qurulmuşdu. Biz bu işə çox enerji sərf etmişdik, xarici mühəndislər bizə yardım etmişdilər.
Amma indi sədlərin tikintisi tam dayandırılıb. Praktiki olaraq biz təxribatla üz-üzə qalmışıq. Mən hesab edirəm ki, bu, Gürcüstanın təhlükəsizlik sisteminə yönəlmiş çox zərərli hərəkətdir. Hesab edirəm ki, gürcü xalqı artıq bu barədə bilməlidir».
Prezidentin sözlərinə görə, Müdafiə Nazirliyinin Baş qərargahında zabitlər ona tikintinin dayandırılmasını hökumətin tapşırığı ilə izah ediblər. Həmin zabitlər prezidentə məlumat veriblər ki, Gürcüstanın yeni hökuməti belə sədlərin Rusiyanı qıcıqlandırdığını, ona görə də tikintinin dayandırılmalı olduğunu bildirib.
Deputat prezidenti «yalan danışmaqda» ittiham edib
Gürcüstan parlamentində müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili isə prezident Mixail Saakaşvilini «yalan danışmaqd»a ittiham edib. Sesiaşvili deyib ki, Müdafiə Nazirliyinin Baş Qərargahından heç kim ona belə sözləri deyə bilməz: «Çünki bir neçə ay əvvəl Müdafiə Nazirliyi bütün obyektlərin, o cümlədən də müdafiə sədlərinin araşdırılmasına dair komissiya yaradıb. Həmin qurum belə obyektlərin vəziyyətini öyrənib.Obyektlər diqqətlə təmizlənib və oralarda aparılan işlərp dondurulub ki, təcili zərurət yaranarsa, işlər dərhal bərpa edilsin. Onlar da prezidentin dediyi kimi Tiflisinin ətrafında və Marneuli rayonunda deyillər».